Please ensure Javascript is enabled for purposes of website accessibility

Penitensiar Xidmətinin Baş idarəsində “ASAN xidmət”lə tanışlıq məqsədilə tədbir keçirilmişdir

27 fevral 2013-cü il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş idarəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Nadir Adilovun da iştirakı ilə dövlət qulluqçularının fəaliyyətində vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən yeni yanaşmanın – “ASAN xidmət”in fəaliyyəti ilə xidmət əməkdaşlarının tanış olmaları məqsədilə geniş tədbir keçirilmişdir.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov tədbiri giriş nitqi ilə açaraq qeyd etmişdir ki, son zamanlar informasiya-kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılmış, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Göstərilən xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Natiq onu da vurğulamışdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci il 13 iyulda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin yaradılması barədə Fərman bu prosesin sürətlənməsinə təkan verdi.

Dövlət Agentliyinin rəsmisi Nadir Adilov isə öz növbəsində təmsil etdiyi dövlət orqanının və onun tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandıraraq qeyd etmişdir ki, mərkəz ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində, əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılması olmaqla, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcəkdir.

Tədbirin sonunda xidmətin fəaliyyətini əks etdirən video materiallar nümayiş etdirilmiş, əməkdaşlara müvafiq bukletlər paylanılmış və görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

A- A A+

Digər press-relizlər