Please ensure Javascript is enabled for purposes of website accessibility

Növbəti “Yaşıl dağ” Bərdədə

22 dekabr 2015-ci il tarixində IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə Bərdə “ASAN xidmət” mərkəzində kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilib.

Ətraf mühitin mühafizəsi naminə keçirilən aksiyada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və vətəndaşlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək qeyd edib ki, Leyla xanım Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı sosial aksiyaları ilə tanınır. Birgə təşəbbüs ilə  baş tutmuş aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Dövlət Agentliyinin sədri həmçinin qeyd edib ki, cari ilin may ayından etibarən “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində 200 tona yaxın kağız tullantısı təhvil alınıb və təkrar emala verilib.

Daha sonra çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbirin əhəmiyyəti haqqında danışaraq vurğulayıb ki, bu cür aksiyaların keçirilməsi kağız tullantıların bir yerə toplanması ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması eyni zamanda yaşıllıqların qorunması üçün çox vacib təşəbbüsdür. İcra başçısı həmçinin qeyd edib ki, layihəyə dəstək məqsədilə Bərdə şəhəri ilə yanaşı digər ətraf rayonların yüzlərlə vətəndaşının bu təşəbbüsün iştirakçısına çevrilməsi təqdirəlayiq haldır.

Aksiyada Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının icra nümayəndələri və sakinləri iştirak ediblər.  Layihə çərçivəsində 65 tondan çox kağız tullantısı toplanılıb və aksiyada fəal iştirakına görə fərqlənən icra nümayəndələri, fəal Yaşıl ASANçı könüllülər və aksiyaya dəstək olmuş ailələr diplom və təşəkkürnamələrlə təltif olunub.

 

A- A A+

Digər press-relizlər