Please ensure Javascript is enabled for purposes of website accessibility

Masallıda “ASAN Festival” keçirilib

17 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “ASAN Festival” keçirilib.

Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirməsi, dəyərləndirməsi, intellektual inkişaf, savad və dünyagörüşlərinin artırılmasında onlara kömək etməkdir.

Festivalı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “ASAN xidmət” ailəsini salamlayaraq qeyd edib ki, bugünkü tədbir Masallı, ümumən cənub bölgəsinin gənclərinin aktivliyində və asudə vaxtlarının səmərəli keçirilməsində müstəsna rol oynayacaq. İcra başçısı daha sonra təşkilatçılara minnətdarlığını bildirərək “ASAN xidmət” mərkəzinin işçilərinə uğurlar arzu edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov könüllük fəaliyyətindən danışaraq “ASAN xidmət” mərkəzlərində 8 mindən çox məzun könüllünün olduğunu, Masallıda isə 80 nəfər könüllünün çalışdığını vurğulayıb. İnam Kərimov tədbir iştirakçılarını festivalın keçirilməsi münasibəti ilə təbrik edib.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək bildirib ki, nazirlik gənc nəslin dünyagörüşünün formalaşması, onların intellekt səviyyəsinin yüksəldilməsi sahəsində “ASAN xidmət” mərkəzi ilə sıx əməkdaşlıq edir və gələcəkdə bu əməkdaşlıq davam etdiriləcək.

Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərəcək “ASAN xidmət” mərkəzinin direktoru Şahzad Ayrobi çıxış edərək bildirib ki, “ASAN xidmət” modeli nəyin ki regionda eyni zamanda dünyada tətbiq olunan qabaqcıl təcrübədir və iki qurum arasında imzalanmış Anlaşma Memorandumuna əsasən tezliklə dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli Əfqanıstanda da tətbiq olunacaq.

Sonra tədbir iştirakçıları “ASAN həyat” kompleksi ilə tanış olublar.

Festival çərçivəsində “Azərbaycan İntellektual Klublar Assosiyasiyası” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “ASAN İntelektual” inkişaf mərkəzində Masallı rayonu ilə yanaşı Təzə Alvadı, Xıl, Çaxırlı, Şərəfə, Hişkədərə və Mahmudavar kəndlərindən olan 60-a yaxın məktəblilərin iştirakı ilə “Masallı ASAN İntellektual Kuboku”u uğrunda yarış keçirilib. Kubokun qalibi isə Şərəfə kənd tam orta məktəbin şagirdlərindən ibarət komanda olub.

Daha sonra Heydər Əliyev İncəsənət Məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda mühazirə keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin nümayəndəsi Məhəbbət Mehdiyeva ümummilli liderin uşaqlıq və gənclik illəri, Azərbaycan mədəniyyətinin inkişafındakı rolu və xidmətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonda festival iştirakçılarına Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunan “Hədəf Bakıdır” filmi nümayiş olunub və festival möhtəşəm konsert proqramı ilə davam etdirilib.

 

A- A A+

Digər press-relizlər