Konqo Prezidenti "ASAN xidmət"də
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesson “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb.
Qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Hazırda Azərbaycanın intellektual brendinin ixracı istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Qonaq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu təcrübənin öyrənilməsi məqsədilə Konqo nümayəndə heyəti tezliklə Azərbaycana səfər edəcək.
Həmçinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanışlıq olub.
Sonda Konqo Prezidentinə "ABAD"çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.