“INNOLAND”in rezidenti olan “Nextsale” startapı ABŞ şirkəti tərəfindən satın alınıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin məzun rezidenti olan “Nextsale” startapının ABŞ-ın tanınmış vençur şirkəti tərəfindən satın alınması ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baykar şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təmsilçisi Məmməd Kərim, ali təhsil müəssisələrinin rektorları, “Nextsale” startapının təsisçisi Orxan Hacıyev, texnologiya və İT sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri, startapçılar və digər şəxslər iştirak ediblər.
“Nextsale” startapı barədə təqdimat zamanı ideyanın əsasən elektron ticarət saytları üçün dizayn həlləri, satışlar və sayta olan sosial güvəni artırmaq, SMS, telefon nömrələrini yığmaqdan ibarət olduğu bildirilib.
Qeyd olunub ki, şirkət ilk vaxtlar saytda öncəki istifadəçilərin yeni ziyarətçilərə nə etdiklərini göstərən tətbiq kimi (sosial sübut - social proof) başlasa da, sonralar funksiyalarını inkişaf etdirərək tam və bütöv konversiya platformasına çevrilib. Belə ki, “Nextsale” sayta daxil olan ziyarətçilərin adını, elektron ünvanını, mobil nömrəsini və s. marketinq üçün lazımi məlumatları toplayaraq “popap” pəncərələr vasitəsi ilə kupon kodları təklif etməyə başlayıb və bu da startapa satışlarını artırmağa imkan yaradıb. Hazırda “Nextsale”in elektron ticarət saytlarında ziyarətçiləri real müştəriyə çevirən konversiya platforması olduğu vurğulanaraq startapın iştirak etdiyi uğurlu proqram və layihələr, eyni zamanda inkişaf mərhələləri barədə məlumatlar diqqətə çatdırılıb.
Tədbir zamanı ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə verilən dövlət dəstəyi, beynəlxalq bazara çıxış imkanları, daxili və xarici investisiyaların cəlb edilməsi, bu sahədə əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Universitetlərdə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərkəzlərinin yaradılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi diqqətə çatdırılıb. Eyni zamanda innovativ ideyaları inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizn texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi məsələləri də müzakirə olunub.
Sonra yeni texnologiya əsaslı startapların böyüməsində və “Nextsale” startapı kimi bu cür qürurverici uğurlara imza atmasında Dövlət Agentliyinin rolu, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, tədbirlər və startapların inkişafına göstərilən dəstək alətləri, “Azərbaycan İnnovasiyalar Evi” və “Tech Diaspora”nın fəaliyyəti barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, “Nextsale” startapının bütün hissələri Boston mərkəzli “Silversmith Capital Partners” şirkəti tərəfindən satın alınıb. Şirkət 2 əsas sənaye yönümlü, “SaaS & Information Services” və “Healthcare IT & Services”də müstəsna idarəetmə qrupları ilə tərəfdaşdır. Eyni zamanda 2 milyard dollardan çox kapitalı idarə edən artım firmasıdır.
“Nextsale” startapının əsası 2018-də qoyulub. 2020-ci ildə ilin startapı seçilən və bir sıra yerli, beynəlxalq mükafatlar qazanan “Nextsale” toxum investisiya mərhələsində ilk investisiyanı “SUP VC” tərəfindən əldə edib və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olub. Startap, həmçinin Türkiyədə fəaliyyət göstərən "ITU Magnet" Akselerasiya Proqramının məzunudur.
“Nextsale” startapı “SUP VC”, “NCA”, “500 Startups” kimi akselerasiya proqramlarının təlimlərində, “TechCrunch Disrupt Berlin”, “Shopify Pursuit Amsterdam” kimi tədbirlərdə iştirak edib, “Entrepreneur” jurnalında yer alıb. Startap, həmçinin Qafqaz regionu ölkələri arasında keçirilən “500 Startups” proqramında 120 iştirakçı arasında 4 rəqib ilə birlikdə finalçı olub.
Hazırda startap komandası yeni bir məhsul olan Uvodo - onlayn satış etmək istəyən hər kəs üçün bütün verilənlər bazasının istifadəçisinin öz serverində saxladığı e-ticarət platforması üzərində işləyir.