İmişli “ASAN xidmət”də Zəfər Günü qeyd olunub.
3 noyabr 2022-ci il tarixində İmişli regional “ASAN xidmət” mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqlar müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən söz açıblar. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hər zaman diqqət və ehtiramla yad edilir.
Tədbirdə İmişli, Kürdəmir, Sabirabad və Ağcabədi regional
“ASAN xidmət” mərkəzlərinin könüllüləri arasında şahmat, dama və peyntbol idman yarışları üzrə Zəfər turniri təşkil olunub.
“Yaşıl ASAN” layihəsi çərçivəsində ağacəkmə aksiyası baş tutub.
ASAN könüllüləri tərəfindən hazırlanmış rəsm şəkilləri, əl işləri və müxtəlif dekorativ qablar sərgilənib. Sərgidə satışdan əldə olunan gəlir “YAŞAT” Fonduna ianə edilib.
ASAN könüllülərin teatr truppası tərəfindən Zəfər Gününə həsr olunmuş müxtəlif şeirlər səsləndirilib.
ASAN könüllülərinin “Əsgərə Məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək mesajları ünvanlanıb.
Sonda məşhur müğənnilərin iştirakı ilə konsert proqramı baş tutub, vətənpərvərlik mahnıları səsləndirilib.