Please ensure Javascript is enabled for purposes of website accessibility

"Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorun 72 saatı” adlı “Bootcamp” keçirilib

21 oktyabr 2022-ci il tarixində Şamaxı şəhərində “Mentorun 72 saatı” adlı "Bootcamp” tədbirinə start verilib.

3 gün davam edəcək tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti  komponenti olan yeni “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.
 
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texnologiya Universitetin rektoru Yaşar Ömərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetin prorektoru Rəşad Əliyev,  “Azərikard" MMC-nin direktor müavini Zakir Əhmədov və digər şəxslər iştirak ediblər.
 
Tədbirdə “Rəqəmsal dünyada yenilik”, “Şəbəkələşmə”, “Liderlik bacarıqları”,  “Komandanın effektiv idarə olunması”, “Startup pitching”, “Mentorluq, texnika və mexanizmləri”, “Startapın həyat dövrü”, “Təqdimat bacarıqlarının inkişaf etdirilməsi”, “Maliyyə cəlb edilməsi strategiyaları”, “Emosional intellekt” və “İdeya müsabiqəsi - İnnovativ məhsul inkişafı” mövzularında təlimlər, sonra isə komandalar üzrə iş təşkil olunacaq, həmçinin "Bilim Bakı" Mərkəzinin rəhbəri “Milli Teknoloji Hamlesi T3 Vakfı & Teknofest” haqqında məlumat verəcək.
 
2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

A- A A+

Digər press-relizlər