Fransa səfiri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur
19 iyun 2013-cü il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.
Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması tarixçəsi , məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. İnam Kərimov bildirmişdir ki, klassik “vahid məkan” prinsipi əsasında çalışan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Səfir Paskal Mönye iki dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildirmişdir. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Foto: Fransa səfiri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur