Please ensure Javascript is enabled for purposes of website accessibility

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

20 iyun 2017-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbir iştirakçıları əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla tanış olublar.

Tədbirdə həmçinin, ASAN könüllüləri də iştirak ediblər. Tanışlıq zamanı onlar Mərkəzdə dövlət əmlakının idarə edilməsində tətbiq olunan ən son texnologiyalar barədə məlumat alıblar.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Komitə ilə “ASAN xidmət” arasında imzalanan memorandum ikitərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır. İmzalanan sənəd göstərilən xidmətlər zamanı könüllülərin cəlb edilməsinə, ixtisaslı kadrların hazırlanmasına və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək.

Daha sonra çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkib. O bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına yönəlib. İnam Kərimov qeyd edib ki, bu günədək “ASAN xidmət”ə edilən ümumi müraciət sayı 16 milyona yaxındır. İnam Kərimov bildirib ki, memorandum çərçivəsində Dövlət Komitəsinin fəaliyyət istiqamətlərində yeniliklərin tətbiqi, elektron xidmətlərdən geniş istifadənin təmin edilməsi, “ASAN xidmət”lə qeyd edilən istiqamətlərdə birgə əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutulur. Bundan başqa “Master 2” proqramı vasitəsilə ASAN könüllüləri Əmlak Məsələləri Dövlət Komitəsində təcrübə keçəcək, təlimlərə cəlb olunacaqlar.

Sonda Kərəm Həsənov və İnam Kərimov əməkdaşlığa dair memorandum imzalayıblar.

 

A- A A+

Digər press-relizlər