Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə müzakirələr aparılıb
13 yanvar 2022-ci il tarixində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun ilk iclası keçirilib.
Məlumat üçün qeyd edək ki, altqrup Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədri tərəfindən Komissiyanın “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun tərkibində 2021-ci il 30 dekabr tarixində yaradılıb (https://azranking.az/public/images/Texnologiya%20v%C9%99%20innovasiyalar-Alt%20qrup.pdf ). Altqrupa rəhbərlik Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Məqsəd yerli elmi nəşrlərin beynəlxalq nüfuzlu jurnallarda yayımlanmasının təşviq olunması və dəstəklənməsi, mövcud nəşrlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə xidmət edən tədbirlərin müəyyənləşdirilməsidir. Eyni zamanda elmi jurnallar bazasının, “Asistent” məktəblərinin və yerli alimlər klubları platformasının yaradılması, alimlərimizin işlərinin platformaya yerləşdirilməsi sahəsində təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması hədəf olaraq müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərliyi ilə keçirilən altqrupun ilk görüşündə Komissiyanın Katibliyi, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri və ekspertlər iştirak ediblər.
Görüş zamanı elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə mövcud vəziyyət, bu sahədə ölkəmizin mövqeyi təhlil edilib, perspektiv inkişaf imkanları müzakirə olunub. Elmi tədqiqat işlərinin stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, müvafiq sahə üzrə qanunvericilik aktlarına dəyişikliklərin edilməsi və digər istiqamətlər üzrə təkliflər səslənib. Müvafiq beynəlxalq səviyyəli təşkilatlarla əməkdaşlığın vacibliyi vurğulanıb.
Görüşün yekununda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupa üzv olan müvafiq qurumlar tərəfindən əsaslandırılmış təkliflərin ən qısa müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsinə və bu istiqamətdə müvafiq Yol Xəritəsinin hazırlanmasına dair qərar qəbul edilib.