Please ensure Javascript is enabled for purposes of website accessibility

Elektron hökumət və startap ekosisteminin inkişafı müzakirə olunub

17 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İslam İnkişaf Bankının (İİB) birgə təşkilatçılığı, Asiya İnkişaf Bankının və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun tərəfdaşlığı ilə “Dövlət xidmətlərinin effektiv şəkildə göstərilməsi və elektron idarəetmə: Azərbaycan nümunəsi” mövzusunda onlayn formada həyata keçirilən ikihissəli tədbirin ikincisi baş tutub.

Vebinarın əsas məqsədi elektron idarəetmə, sosial innovasiyalar və startap sahələrində ölkəmizin qabaqcıl təcrübəsinin Tacikistan və Qırğız Respublikalarının müvafiq sahələr üzrə fəaliyyət göstərən nümayəndələri ilə bölüşülməsi olub
.
Tədbirin açılış sessiyası zamanı Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev, İslam İnkişaf Bankının Məhsullar və tərəfdaşlıqlar üzrə baş direktoru Amir Bukvic və CAREC İnstitutunun direktor müavini İskəndər Abdullayev çıxış ediblər.
 
Növbəti sessiyada “İnnovasiyalar dövründə Azərbaycanın ağıllı həlləri: elektron hökumət sisteminin və startap ekosisteminin inkişafı” mövzusu ətrafında müzakirələr həyata keçirilib.
 
Həmçinin tədbir çərçivəsində Tacikistan və Qırğız Respublikalarından olan nümayəndələr dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkələrindəki cari vəziyyət ilə bağlı təqdimatlar ediblər. Tədbirin davamında İİB-nin nümayəndəsi Cənub-Cənub Əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdən bəhs edərək üzv dövlətlərin inkişafına göstərilən dəstək barədə tədbir iştirakçılarını məlumatlandırıb.
 
Vebinar auditoriyanın çoxsaylı sualları və şərhləri ilə müşayiət olunub.
 
İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş hər iki vebinar  hədəf auditoriyası tərəfindən maraqla qarşılanıb. Tacikistan və Qırğız Respublikalarının nümayəndələri Azərbaycanın müvafiq sahələr üzrə qabaqcıl təcrübəsinin ölkələrində tətbiq olunmasında maraqlı olduqlarını vurğulayıblar.

A- A A+

Digər press-relizlər