Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri “ASAN xidmət”də
8 noyabr 2017-ci il tarixində Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Qul Aryobi 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 18 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.