Please ensure Javascript is enabled for purposes of website accessibility

Dünya Bankının nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur

3 aprel 2014-cü il tarixində Dünya Bankının Özəl Sektorun İnkişafı şöbəsinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur. 

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məramı dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. 

Həmçinin bildirilmişdir ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəni “Azərbaycan modeli” olaraq xüsusi təqdim edilir. Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1 380 000-dən çox vətəndaşa xidmət göstərilmişdir. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

 

A- A A+

Digər press-relizlər