Dövlət Xidmətlərinin Elektron Reyestri yeni versiyada
16 oktyabr 2024-cü il tarixində Baş Prokurorluğun inzibati binasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Dövlət xidmətləri üzrə məlumatların əlçatanlığı və şəffaflıq” mövzusuna həsr olunmuş tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Baş Prokurorluğun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, özəl sektor subyektlərinin, vətəndaş cəmiyyəti institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və işçi qrupun üzvləri çıxış ediblər.
İşçi qrupun fəaliyyəti ilə yanaşı Dövlət Agentliyi tərəfindən yeni versiyada istifadəyə verilən Dövlət Xidmətlərinin Elektron Reyestri təqdim edilib.
Dövlət Xidmətlərinin Elektron Reyestrində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ilə birgə görülmüş fəaliyyət, habelə biznes mühiti subyektləri üçün dövlət xidmətləri sahəsində yaradılmış imkanlar barədə geniş məlumat verilib. Bununla yanaşı, Dövlət Xidmətlərinin Elektron Reyestrində yaradılmış imkanlar, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət xidmətlərinin Reyestrə daxil edilməsi, Reyestrin ingilis dili versiyasının istifadəyə verilməsi, habelə funksionallıqları barədə tədbir iştirakçıları məlumatlandırılıblar.
Dövlət Xidmətlərinin Elektron Reyestrində 165 dövlət qurumunun 4000-dən çox xidmətinin əksini tapması, həmin xidmətlərin 740-dan çoxunun G2B xidmətləri olması, 650-dən çoxunun elektron formada göstərilməsi vurğulanıb.