Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Miqrasiya Xidmətinin cərimələrinin “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilməsini təmin edən proqram təminatının təqdimat mərasimi keçirilib

2016-cı il 27 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilməsini təmin edən müvafiq proqram təminatının təqdimat mərasimi keçirilib.

Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidməti Azərbaycan Respublikasını tərk edən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər tərəfindən onlara münasibətdə tətbiq edilmiş miqrasiya cərimələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis etdiyi “ASAN ödəniş” portalı və terminalları vasitəsi ilə rahat və vaxt itirmədən ödənilməsini nəzərdə tutur.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, habelə layihənin həyata keçirilməsində iştirak etmiş Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı və BP şirkətinin nümayəndələri açılış nitqləri ilə çıxış ediblər.

Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektron hökumət quruculuğu siyasəti, o cümlədən Dövlət Agentliyinin bu istiqamətdə fəaliyyəti və ölkəmizin nailiyyətləri barədə məlumat verib.

Bildirilib ki, Dövlət Agentliyinin hazırladığı bir çox elektron həllərdən biri olan “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2014-cü il 11 fevral tarixində yaradılmış və 2015-ci il 5 yanvar tarixində istifadəyə verilib. İnternet portalı və ictimai yerlərdə və dövlət orqanlarında yerləşdirilmiş terminallar formasında çalışan sistem inzibati cərimələr barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı ödəniş sistemidir. Hazırda sistem vasitəsi ilə inzibati cərimələrlə yanaşı, kommunal, rabitə ödənişləri, habelə “ASAN xidmət” mərkəzlərində göstərilən bir sıra xidmətlərə görə dövlət rüsumları da ödənilir. Dövlət Miqrasiya Xidməti də daxil olmaqla 60-a yaxın dövlət orqanı artıq sistemə qoşulub.

Ü.Mehdiyev vurğulayıb ki, Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidmətinin istifadəyə verilməsi Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin rahatlığını təmin etməklə yanaşı, Azərbaycanda miqrasiya siyasətinin effektiv şəkildə icrasının təmin edilməsi və ölkəmizdə elektron hökumətin inkişafı prosesində mühüm addımlardan biridir.

Sədr müavini həmçinin bu yaxınlarda daha bir yeni xidmət olan “ASAN Viza” sisteminin istifadəyə veriləcəyi barədə məlumat verərək xarici vətəndaşlarının ölkəmizə giriş icazələrini rahat və operativ şəkildə onlayn qaydada sistem vasitəsi ilə əldə edə biləcəyini bildirib.

Tədbirin sonunda tədbir iştirakçıları üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında quraşdırılmış “ASAN ödəniş” terminallarının imkanları barədə nümayiş etdirilib.

 

A- A A+

Digər press-relizlər