Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.

Yanvar ayının 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə, dövlət xidməti göstərən qurumların fəaliyyətinin şəffaf olmasına xüsusi önəm verdiyini bildirmişdir.  Rektor qeyd etmişdir ki, Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Rektor qeyd etmişdir ki, müasir mərhələdə Azərbaycanın davamlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan və dövlətin sosial yönümlü siyasətinin bütün sahələri fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  və onun "ASAN xidmət" mərkəzi müasir innovativ konsepsiya olmaqla yanaşı “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasının” hədəflərindəndir. Bu istiqamət həmçinin dövlətin sosial proseslərin planlaşdırılması və idarə edilməsində innovativ mexanizmdir. Dövlət Agentliyi ilə qarşılıqlı əməkdaşlığın genişlənməsinin səmərəli olacağına və Akademiyada təhsil alan, dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin praktik biliklərinin genişlənməsinə daha bir imkan əldə edəcəyimizə inanırıq.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri İnam Kərimov Dövlət Agentliyinin yaradılmasının Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırmış, elektron sistemə keçidin reallaşdırılması və bu istiqamətdə uğurlu institusional islahatların təmin edilməsi fonunda İdarəçilik Akademiyası ilə əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamışdır. Dövlət Agentliyinin əsas məqsədinin dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasından ibarət olduğunun bildirmişdir. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadə olunması və elmi biliklərin idarəetmədə tətbiqi və qarşılıqlı mübadilə yolu ilə daha da səmərəli olması barədə fikirlərini bildirmişdir.

Sonra Əməkdaşlıq Memorandumu imzalanmışdır. Əməkdaşlıq Memorandumu tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masaların, seminarların və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması və analitik materialların hazırlanmasını əhatə edir.

 

A- A A+

Digər press-relizlər