Dövlət Agentliyinin sədri Tacikistan səfiri ilə görüşüb
12 oktyabr 2021-ci il tarixində Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Tacikistanın ölkəmizdəki səfiri arasında görüş keçirilib.
Görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin, Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Tacikistanda tətbiqində maraqlı olduqlarını vurğulayan səfir bu istiqamətdə Dövlət Agentliyinin dəstəyini xahiş edib.
Dövlət Agentliyinin sədri “ASAN xidmət” təcrübəsinin Tacikistan tərəfi ilə paylaşmağa hazır olduqlarını vurğulayıb.
Görüş zamanı qonağa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.
“ASAN xidmət”in bir sıra xarici ölkələrdə uğurla tətbiq olunduğunu vurğulayan Dövlət Agentliyinin sədri bugünədək 15-dən çox dövlət və beynəlxalq təşkilatla müvafiq istiqamətlərdə əməkdaşlıq edildiyini qeyd edib.
Sonda xatirə hədiyyələri təqdim olunub.