Dövlət Agentliyinin sədri İtaliyada səfərdə olmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 27-30 mart 2013-cü il tarixində İtaliyanın Roma şəhərində səfərdə olmuşdur.
Səfər çərçivəsində xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin “Azərbaycan 2020. Gənclərin baxışı” adı altında keçirilmiş forumda, Dövlət Agentliyinin sədri “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər” mövzusunda keçirilmiş plenar iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması və fəaliyyətinə dair məruzə ilə çıxış etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının, Gənclər və İdman Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, Milli Məclisin, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri, o cümlədən İtaliyanın dövlət rəsmiləri və parlamentariləri, həmçinin bir çox media strukturlarının rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimlər və müxtəlif sahələrdən olan qonaqlar iştirak etmişlər.