Dövlət Agentliyinin sədri İtaliya səfiri ilə görüşüb
22 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İtaliya Respublikasının Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşüb.
“ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı 9 dekabr 2015-ci il tarixində Roma şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İtaliya Respublikası Baş nazirinin ofisi yanında Dövlət İdarəçiliyi Departamenti arasında imzalanmış dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun implementasiyası istiqamətində fikir mübadiləsi də aparılıb.
Eyni zamanda Dövlət Agentliyinin sədri qonağa cari ilin iyun ayında Dövlət Agentliyinin təşəbbüsü ilə təsis olunmuş “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə məlumat verib. Səfir öz növbəsində müvafiq təşəbbüsü yüksək qiymətləndirib və Assosiasiyaya xüsusi marağını ifadə edib.
Vurğulanıb ki, “ASAN xidmət” 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına və cari il təşkil olunmuş BMT-nin Dövlət Xidmətləri Forumu zamanı rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.
Sonra qonaq “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.