Dövlət Agentliyinin sədri “ASAN xidmət”in şəhid ailə üzvü və qazi əməkdaşları ilə görüşüb
5 noyabr 2022-ci il tarixində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “ASAN xidmət”in şəhid və qazi ailə üzvü olan, həmçinin müharibə veteranı əməkdaşları iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən Vətən müharibəsində əldə edilmiş qələbədən söz açıb. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi hər zaman ehtiramla yad edilir, o cümlədən müharibə iştirakçıları daim diqqətdə saxlanılır.
Sonra “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, şəhidimiz Namiq Cavadovun qızı Fidan Cavadlı, Vətən müharibəsi iştirakçısı Sərvət Babaşov, Ayşən Süleymanzadə çıxış ediblər.
Tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub, iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
"ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranı ailə üzvü, müharibə veteranı, məcburi köçkün statusuna malik əməkdaş çalışır.