Dövlət Agentliyinin sədr müavini Koreyada işgüzar görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.

Səfər çərçivəsində  Koreyanın Ali Elm və Texnologiya İnstitutu (KAİST) ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nümayəndə heyəti KAİST Universitetinin prezidenti ilə görüşüb, Universitetin startap məktəbi, İT və innovasiyalar üzrə kadr quruculuğu proqramları ilə tanış olub. Dövlət Agentliyi ilə KAİST Universiteti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə ilkin razılıq da əldə edilib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Koreyaya rəsmi səfəri çərçivəsində Seul şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil edilən "Azərbaycan   Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin vətəndaşlara xidmət üzrə potensialının artırılması" mövzusunda seminarın bağlanış mərasimində də iştirak edib. 

Sədr müavini Ceyhun Salmanov  iştirakçıları təbrik edərək onlara sertifikatlar təqdim edib.

Sözügedən layihəyə 2017-ci ildə başlanılıb və bu günə qədər Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərinin 50-dən çox əməkdaşı müvafiq seminarlarda iştirak edib.

Budəfəki seminarda Dövlət Agentliyinin Elektron Hökumətin İcra Qrupunda təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

A- A A+

Digər press-relizlər