Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli Fransada və Mərakeşdə səfərdə olub.
Dövlət Agentliyinin nümayəndəsi Paris şəhərində təşkil olunan Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında iştirak etmək üçün Fransa Respublikasına səfər edib.
Səfərin məqsədi “ASAN xidmət” təcrübəsinin Fransada yerli səviyyədə tətbiqi vasitəsilə ikitərəfli regionlararası əməkdaşlığa töhfə vermək imkanlarının müzakirəsi olub. Səfər zamanı, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2017-ci il tarixində Fransaya səfəri zamanı Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş Naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında imzalanmış Anlaşma Memorandumunun müddəalarının icra vəziyyəti barədə danışıqlar aparılıb.
Dövlət Agentliyinin nümayəndəsi, həmçinin Mərakeş Krallığında da işgüzar səfərdə olub.
Səfər 21 iyun 2018-ci il tarixində Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında inzibati islahatlar və dövlət xidmətləri sahələrində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin müzakirəsi məqsədilə reallaşdırılıb.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi Ərəb Dövlətləri Liqasının Ərəb İnzibati Administrativ İnkişaf Təşkilatinin 19-cu konfransında iştirak edib.
Tədbirdə təşkilatın Baş Katibi tərəfindən bu silsilədən olan növbəti tədbirdə “ASAN xidmət”ə dair təqdimatın edilməsi, eyni zamanda Ərəb Dövlətləri Liqasının üzv ölkələrində “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi təklif edilib. Bundan əlavə Dövlət Agentliyi ilə Ərəb İnzibati Administrativ İnkişaf Təşkilatı arasında əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.
iki ölkəyə səfər zamanı Dövlət Agentliyinin nümayəndəsi tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, uğurları barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, yüksək nailiyyətlərinə görə “ASAN xidmət” 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.