Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziyanın Qərbi Sumatra vilayətinə səfər edib

16-19 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziya Respublikasına səfər edib. Səfər Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Naziriliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası və “ASAN xidmət” modeli əsasında dövlət və özəl xidmətlər göstərən “one stop shop” mərkəzlərinin təşəkkül tapması prosesi çərçivəsində reallaşdırılıb.

Səfərin məqsədi İndoneziyanın Qərbi Sumatra əyalətində dövlət xidmətlərinin göstərilməsi sahəsində cari vəziyyətlə tanışlıq və ehtiyacların müəyyən edilməsi olub.

Səfər çərçivəsində Qərbi Sumatranın yüksək rütbəli dövlət nümayəndələri ilə görüşlər keçirilib və müxtəlif qurumlarla yerində tanışılq həyata keçirilib.

Səfərin ilk günü Dövlət Agentliyinin nümayəndə heyəti ilə Qərbi Sumatra vilayətinin qubernatoru İrvan Prayitno arasında görüş keçirilib. Görüşdə Dövlət Agentliyi ilə İndoneziya tərəfi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsindəki uğurlu əməkdaşlıqdan bəhs olunub. Qubernator 2019-cu ilin iyul ayında “ASAN xidmət” mərkəzinə səfərini məmnunluqla xatırladığını və mərkəzin fəaliyyətinin onda böyük təssürat yaratdığını qeyd edib, bu istiqamətdə cari ilin dekabr ayında İndoneziyanın Qərbi Sumatra vilayətinin müxtəlif qurumlarını təmsil edən nümayəndə heyətinin Dövlət Agentliyi tərəfindən təşkil olunacaq təlimlərdə iştirak etmək üçün Azərbaycana səfər edəcəyini bildirib. Bundan əlavə İndoneziya tərəfi “ASAN xidmət” modelinin Qərbi Sumatranın Padanq şəhərində tətbiqi çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyətinin ölkəsinə səfərinə böyük əhəmiyyət verdiklərini vurğulayıb, həmçinin müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Səfər zamanı, həmçinin Qərbi Sumatra vilayətinin İnvestisiya və “one stop shop” mərkəzinin direktoru, Vilayət vergi xidmətinin rəhbəri, Dövlət qulluğu idarəsinin nümayəndələri ilə görüş keçirilib.

Tərəflər implementasiya prosesinin sürətləndirilməsi, xüsusilə də xidmətlərin formalaşdırılması ilə bağlı tədbirlər üzrə birgə razılığa gəliblər.

A- A A+

Digər press-relizlər