Dövlət Agentliyinin nümayəndə heyəti ICESCO-nun Baş direktoru ilə görüşüb
Mərakeş Krallığına işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Görüş çərçivəsində “ASAN xidmət”, həmçinin Dövlət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində görülən işlər barədə geniş təqdimat edilib.
ICESCO-nun Baş direktoru Dövlət Agentliyi tərəfindən müvafiq istiqamətlər üzrə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin qabaqcıl təcrübəsinin və burada tətbiq olunan müasir həllərin ICESCO-ya üzv ölkələrdə də bölüşülməsinin zəruri olduğu vurğulanıb.
Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Xidmətlərin göstərilməsi sahəsində sosial innovasiyaların və ağıllı həllərin tətbiqi, eləcə də birgə startup və akselerasiya proqramlarının həyata keçirilməsi ilə əlaqədar razılığa gəlinib.
Bundan əlavə “Xidmətdə Mükəmməlik üzrə ASAN ICESCO mükafatı”na dair müsabiqənin təşkili şərtləri ilə əlaqədar məsələlərə dair müzakirələr aparılıb.
Səfər proqramı ərzində Dövlət Agentliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının tərkibində ticarətin və investisiyaların təşviqi üzrə köməkçi orqan kimi fəaliyyət göstərən Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin nümayəndələri ilə görüşüb. Görüş zamanı Dövlət Agentliyinin fəaliyyət istiqamətləri çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr həyata keçirilib.