Dövlət Agentliyi və AHK arasında əməkdaşlıq memorandumu imzalanıb
5 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Hüquqşunasları Konfederasiyası (AHK) arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi olmuşdur. Sənəd Dövlət Agentliyinin sədri İnam Kərimov və AHK-nın sədri, millət vəkili Əli Hüseynli tərəfindən imzalanmışdır.
Memorandumun məqsədi birgə fəaliyyətin təşkili, bu sahədə vətəndaş iştirakının təmin edilməsi, yaxın gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, eyni zamanda analitik işlərin, monitorinq və sorğuların keçirilməsindən ibarətdir.
Qeyd edək ki, memorandum tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləməklə əhaliyə göstərilən xidmətlər sahəsində məlumatlandırma və maarifləndirmə fəaliyyətinin və sosial iştirakçılığın qurulmasını və digər qarşılıqlı maraq kəsb edən sahələri də əhatə edir. Sənəddə, həmçinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək könüllülərin hazırlanması və mərkəzlərə cəlb edilməsi və innovasiyaların tətbiqi sahəsində illik müsabiqənin təşkili və həyata keçirilməsi də nəzərdə tutulub.