Please ensure Javascript is enabled for purposes of website accessibility

Cəzaçəkmə müəssisələrində məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılmışdır

7 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “ASAN xidmət” mərkəzi tərəfindən qadın məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev məhkumlara ilk dəfə şəxsiyyət vəsiqəsinin təqdim olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu tədbirlər davam etdiriləcək və bütün məhkumlar şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqlar. Penitensiar Xidmətin rəisi bu işin təşkilinə görə “ASAN xidmət”in və Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev diqqətə çatdırmışdır ki, “ASAN xidmət” dövlətlə vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında qarşılıqlı münasibətlərin yeni formasıdır.  

Daha sonra tədbirdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar. Onlar qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişlər.

Tədbirin sonunda 66 qadın məhkuma şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur.

 

A- A A+

Digər press-relizlər