BMT-nin Rezident-Koordinatoru və BMT İnkişaf Proqramının Bratislava Regional Mərkəzinin rəhbəri “ASAN xidmət”lə tanış olmuşlar.
10 iyul 2013-cü il tarixində BMT-nin Azərbaycandakı Rezident-Koordinatoru, UNDP-nin Rezident-Nümayəndəsi Antonius Broek, UNDP-nin Bratislava Regional Mərkəzinin rəhbəri Olivier Adam, UNDP-nin mütəxəssisi Səncər Tursəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşlar.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədrinin birinci müavini R.Abbasov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması tarixçəsi , məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirmişdir ki, klassik “vahid məkan” prinsipi əsasında çalışan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid məkan prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Diqqətə çatdırıldı ki, 15 yanvar tarixindən indiyədək 230 mindən çox vətəndaşa xidmət göstərilmişdir.
Qonaqlar BMT və Azərbaycan Respublikası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildirmişlər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.