Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT “ASAN xidmət”ə əsaslanan növbəti qətnamə qəbul edib

Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.

Qətnamə dövlət xidmətləri sahəsində Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır.

Sözügedən qətnaməyə əsas həmmüəllif ölkələr Türkiyə, Gürcüstan, Ekvador, Keniya, Malayziya və Tailand ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlər, Birləşmiş Krallıq, Kanada, Yaponiya, Avstraliya, Braziliya, Efiopiya, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən bir sıra digər dövlətlər milli qisimdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı dövlətləri qrup şəklində həmmüəllif kimi qoşulub.

Qətnamə “ASAN xidmət”də tətbiq olunan aşağıdakı mexanizmlərə toxunur:
•    dövlət xidmətlərində sosial innovasiyaların, süni intellektin və texnologiyaların tətbiqi;
•    dövlət xidmətlərinin keyfiyyətinin, əlçatanlığının, effektivliyinin, şəffaflığının və hesabatlılığının qiymətləndirilməsi məqsədilə müvafiq mexanizmlərin vacilbiyi;
•    vətəndaş rəylərindən və xidmət istifadəçilərinin məmnunluq göstəricilərindən istifadə etməklə xidmətlərin davamlı şəkildə təkmilləşdirilməsi;
•    “heç kəsin kənarda qalmaması” prinsipinin effektiv icrası baxımından cəmiyyətin bütün təbəqələri, o cümlədən ucqar və kənd ərazilərində yaşayan şəxslər, eləcə də həssas qruplar üçün dövlət xidmətlərinə bərabər çıxışın təmin edilməsi;
•    Dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin əhəmiyyəti.


Qətnamə 2015-ci ildə “ASAN xidmət”in təltif edildiyi BMT-nin Dövlət Xidmətləri Mükafatını dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını, digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Azərbaycanın təşəbbüsü ilə  2018 və 2023-cü illərdə də BMT-nin İnsan Hüquqları Şurasında konsensusla qəbul edilmiş 37/7 və 52/8 nömrəli eyniadlı qətnamələrin əsasında irəli sürülmüş cari qətnamənin yekdilliklə qəbul edilməsi və ona çox sayda dövlətlərin həmmüəllif qismində qoşulması, ölkəmizin dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması sahəsində müsbət təcrübəsinə və bu sahədə beynəlxalq müstəvidə öncül roluna beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir.

A- A A+

Digər press-relizlər