"Beynəlxalq Autizm Maarifləndirmə" ayı çərçivəsində “Mən böyüyəndə kim olacam?” adlı fotolayihənin açılışı keçirilmişdir
Sağlam və Birgə İB və Sosial Xidmətlər Təşəbbüsü İB vətəndaşlarımızı autizm mövzusunda məlumatlandırmaq məqsədi ilə aprel ayı boyunca müxtəlif tədbirlər həyata keçirir.
Bu tədbirlər çərçivəsində növbəti təşəbbüs olan “Mən böyüyəndə kim olacam?” adlı foto layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də qoşularaq öz töhfəsini verir.
2 aprel – Beynəlxalq Autizm Maarifləndirmə Günü ilə əlaqədar “Mən böyüyəndə kim olacam?” adlı fotolayihəyə start verilib. 14 aprel 2014-cü il tarixində fotolayihənin açılışı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçiriləcək. 21 aprelədək 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində nümayiş olunacaq fotolayihədə autizmli uşaqların məşhurlarla çəkdirdikləri fotolar nümayiş olunub.
Layihədə ABŞ səfiri Riçard Morninqstar, millət vəkili Qənirə Paşayeva, Fransa mədəniyyət elçisi Pierra Bassis, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, aktyor Bəhram Bağırzadə, peşəkar fotoqraf Cəmil Mirzoyev, rejissor, kinoşünas Ayaz Salayev, Əməkdar Artist Tünzalə Ağayeva, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, dizayner Ləman Əsgərova və aşpaz Rüstəm Rzayev öz iştirakları ilə autizmli uşaqlara dəstəklərini nümayiş etdiriblər.
Fotolayihənin məqsədi autizmli uşaqların da qayğı və dəstək göstərildiyi halda müxtəlif peşələrə yiyələnmələrinin mümkünlüyünü cəmiyyətə çatdırmaqdır.
Tədbirdə layihəyə dəstək göstərən məşhurlar, fotolarda çəkilən uşaqlar və onların ailələri, “ASAN xidmət” rəhbərliyi, ictimai təşkilatların və UNİCEF-in nümayəndələri iştirak ediblər.