Please ensure Javascript is enabled for purposes of website accessibility

Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başladı

22 avqust 2017-ci il tarixində Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb.

Sayca üçüncü olan belə mərkəzlərdən birincisi turistlərin sıx olduğu “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsinin ərazisində, ikincisi isə Azərbaycana hava nəqliyyatı ilə səfər edən turistlərin tələbatını qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yaradılıb.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, sayca üçüncü olan “ABAD” sərgi-satış mərkəzlərində 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb.

Rüfət Elçiyev həmçinin qeyd edib ki, sərgi-satış mərkəzinin məhsullarının 90% alıcısı ölkəmizə gələn turistlərdir və istəyin çoxluğunu nəzərə alaraq gələcəkdə “ABAD” sərgi-satış mərkəzlərinin 5 ulduzlu otellərdə də açılması nəzərə tutulub.

Bakı Dəmir Yolu Vağzalında yaradılan “ABAD” sərgi-satış mərkəzi xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırlıb.

Mərkəzdə Azərbaycanın müxtəlif regionlarından nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları təqdim olunur. Burada təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb.

“ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

Hazırda “ABAD”ın Masallı və Balakən rayonlarında regional mərkəzləri, Bakı şəhəri üzrə üç sərgi-satış mərkəzi fəaliyyət göstərir.

A- A A+

Digər press-relizlər