Please ensure Javascript is enabled for purposes of website accessibility

Azercell-in prezidenti “ASAN xidmət”lə tanış oldu

14 may 2013-cü il tarixində “Azercell Telekom” MMC-nin prezidenti Kiril Qaburiç Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirilmişdir ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan “Azercell Telekom” MMC-nin prezidenti Kiril Qaburiç Azərbaycanda belə bir qurumun olmasından qürur hissi keçirdiyini vurğulayıb. “Bu qurumun xidmətlərindən minlərlə insan faydalanır. Əvvəllər çətinliklə əldə olunan xidmətlər indi bir neçə dəqiqə ərzində, çox rahat şəkildə həyata keçirilir. Bu cür xidmət mərkəzinin yaradılması təqdirəlayiq haldır” – deyə Kiril Qaburiç qeyd edib.

Sonda Azercell-in nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin əməkdaşları və burada çalışan könüllülərlə görüşərək onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

 

A- A A+

Digər press-relizlər