“Azərbaycanda innovasiya ekosisteminin inkişafında “ASAN xidmət”in rolu” mövzusunda tədbir keçirilib
19 aprel 2021-ci il tarixində “Azərbaycanda innovasiya ekosisteminin inkişafında “ASAN xidmət”in rolu” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə elmi işçilər, ali təhsil müəssisələrinin rəhbərləri, müxtəlif şirkətlərin rəhbərləri və dövlət qurumlarının müvafiq vəzifəli şəxsləri olmaqla, ümumilikdə 100-dən artıq şəxs iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov açıb. O, ölkəmizdə innovasiya ekosisteminin inkişafının əhəmiyyəti və bu istiqamətdə Dövlət Agentliyinin rolu barədə tədbir iştirakçılarına məlumat verib.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov dördüncü sənaye inqilabı dövründə innovasiyaların gündəlik həyatımıza təsirləri, qlobal innovasiya ekosistemində trendlər, “ASAN xidmət”in innovasiya ekosisteminin təşviqində funksiyaları və startap mühitinin effektivliyinin artırılması istiqamətində görülmüş işlər barədə təqdimat edib. Həmçinin Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, tədbirlər və startapların inkişafına göstərilən dəstək alətləri, “Azərbaycan İnnovasiyalar Evi” və “Tech Diaspora”nın fəaliyyəti, “Azərbaycan 500 ASAN Startap” proqramı və gələcək planlar barədə ətraflı məlumat verilib.
Sonra tədbir iştirakçıları tərəfindən ölkəmizdə innovasiya ekosistemindəki çətinliklər, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, innovasiya sahəsində qanunvericilik bazasının formalaşdırılması və innovasiya maliyyələşməsi barədə suallar cavablandırılıb.
Dövlət Agentliyinin bu sahədə gördüyü işlər yüksək qiymətləndirilib və bu proseslərə elm adamlarının və insitutların cəlb edilməsinin vacibliyi qeyd olunub.