Please ensure Javascript is enabled for purposes of website accessibility

AŞPA prezidenti “ASAN xidmət”mərkəzinin fəaliyyətilə tanış oldu

27 may 2013-cü il tarixində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan Klod Minyon Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin yeni Sumqayıt “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması, səyyar xidmətlərin tezliklə vətəndaşların sərəncamında olması, həmçinin gələcək planlara dair digər məlumatları qonağın diqqətinə çatdırıb.

Bildirilmişdir ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsidir.

“ASAN xidmət” mərkəzində təşkil olunmuş iş prinsipi ilə tanış olan qonaq vahid məkandan dövlət xidmətlərinin göstərilməsi üzrə mexanizmin Azərbaycan modeli - “ASAN xidmət”in hüquqi-formal əsaslarını maraqla qarşılamış, praktiki nəticələrini yüksək qiymətləndirib.

 

A- A A+

Digər press-relizlər