“ASAN xidmət” unikal bir modeldir - Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland
20 may 2014-cü il tarixində Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa “ASAN xidmət” mərkəzlərinin məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, ümumilikdə vətəndaş məmnunluğunun təmin edilməsidir. Həmçinin qeyd olunb ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə “Azərbaycan modeli” olaraq xüsusi təqdim edilir.
Mərkəzlə tanışlıq zamanı Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda ASAN 2.0 Konsepsiyası, GPS Elektron Nəzarət Sistemi və digər layihələrin video təqdimatları nümayiş etdirilib.
Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1.720.000-dən çox vətəndaşa xidmət göstərilib.
Qonaq “ASAN xidmət” təcrübəsinin” tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıb. “Bu unikal bir modeldir. Düşünürəm ki, bütün Avropa ölkələri Azərbaycanın bu təcrübəsindən bəhrələnə bilər. Onuda qeyd edim ki, Avropa Şurasına üzv ölkələrin əksəriyyətində insanlar dövlət xidmətlərin göstərilməsindən narazıdır, və narazılıqlar getdikcə daha da artır. Bu baxımdan ASAN - dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yaxşı layihədir” - deyə Torbyorn Yaqland bildirib.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Foto:“ASAN xidmət” unikal bir modeldir - Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland