"ASAN xidmət" "Teknofest Samsun" tədbirində
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Samsun şəhərində keçirilən “TEKNOFEST”dəki milli pavilyonumuz və “TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komandanın layihələri ilə tanış olub.
Həmçinin “TEKNOFEST”də stendlə təmsil olunan "ASAN xidmət" stendinə ziyarətçi axını da davam edir. Stenddə ziyarətçilər arasında "Kibergigiyena platforması" və "Əşya tanıma" sistemləri üzərindən yarışlar həyata keçirilib. Ziyarətçilər testlər vasitəsi ilə rəqəmsal mühitdə öz kiber təhlükəsizlik biliklərini sınaqdan keçiriblər.
Bundan başqa süni intellekt əsaslı "Əşya tanıma" sistemi vasitəsilə təqdim olunan sualların cavablarını tapmağa cəhd ediblər.
Paralel olaraq "ASAN Radio" tərəfindən həyata keçirilən "Söz oyunu" müsabiqəsində Türkiyə vətəndaşları onlara təqdim olunan Azərbaycan dilindəki texnologiya mövzularını əhatə edən sözlərin türkcə qarşılığını tapmağa çalışıblar.
Yekunda iştirakçılara "ABAD"dan hədiyyələr təqdim olunub.
Stend "ABB”nin maliyyə tərəfdaşlığı ilə təqdim edilir.