“ASAN xidmət” modeli beynəlxalq tədbirdə təqdim olunub
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İdarəçiliyin İnkişafına Dəstək Proqramının (SIGMA) və Gürcüstan hökumətinin təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində dövlət idarəçiliyi sahəsində islahatlar” mövzusunda tədbir baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
Məqsəd Şərq Tərəfdaşlığı ölkələrində dövlət idarəçiliyi sahəsində aparılan islahatlar barədə məlumatlılığı artırmaq və bu sahədə qabaqcıl təcrübələr haqqında fikir mübadiləsi olub.
Bu çərçivədə ölkəmizdəki islahatların prinsip və məqsədləri, həmçinin dövlət xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübə olan “ASAN xidmət” konsepsiyası geniş formatda təqdim edilib.
Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət” modeli , “ASAN xidmət indeksi”, Dövlət Xidmətlərinin Elektron Reyestri və xidmətlərin keyfiyyətinin artırılmasında qiymətləndirmə metodlarının rolu barədə danışıb. Təqdimat zamanı diqqətə çatdırılıb ki, “ASAN xidmət”in yaradılması Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan islahatların tərkib hissəsidir və dövlət xidmətlərinin çatdırılması sahəsində vətəndaş məmnunluğunun və xidmətlərin əlçatanlığının təmin edilməsi “ASAN xidmət”in əsas vəzifələrindəndir.