“ASAN xidmət”lə Asiya İnkişaf Bankı arasında əlaqələr genişləndirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru Kandis MakDiqan ilə görüşüb.
Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verib. O bildirib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırıb.
Eyni zamanda qonağa Elektron Hökumətin İnkişafı Mərkəzinin , ABAD-ın, elcə də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.
Həmçinin qonaq Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası barədə məlumatlandırılıb.
Görüş çərçivəsində Dövlət Agentliyi ilə AİB arasında davam edən “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görülən işlər və planlaşdırılan fəaliyyətlər barədə müzakirələr həyata keçirilib. Bundan əlavə “ASAN xidmət” modelinin AİB-in dəstəyi ilə 3-cü ölkələrdə tətbiqi sahəsində fikir mübadilə aparılıb.
Qonaq “ASAN xidmət”, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onda böyük təəssürat yaratdığını, bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığın genişlənəcəyini ifadə edib.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.