Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

​​7 fevral 2023-cü il tarixində “ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.

​​Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər.


Öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 
Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Dövlət Xidmətlərinin Elektron Reyestrinin məqsədləri və bu çərçivədə görülmüş işləri diqqətə çatdırıb. Qeyd olunub ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə BMT tərəfindən yüksək qiymətəndirilib. Qurumlar tərəfindən bu istiqamətdə hər ötən il əvvəlki ildən daha yüksək nəticələrin əldə olunduğu bildirilib.
 
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
 
Bu məqsədlə 2022-ci ildə Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 254 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 171 xidməti və 9 hüquqi şəxsin 74 xidməti daxil olmaqla, ümumilikdə 499 xidmət qiymətləndirilib.
 
Tədbirdə 2022-ci ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.
 
Mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci yerə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2-ci yerə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 3-cü yerə Dövlət Statistika Komitəsi, yerli icra hakimiyyəti orqanları arasında 1-ci yerə Binəqədi Rayon İcra Hakimiyyəti 2-ci yerə Suraxanı Rayon İcra Hakimiyyəti, 3-cü yerə Nizami Rayon İcra Hakimiyyəti,  hüquqi şəxslər arasında  isə 1-ci yerə  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 3-cü yerə “Azəriqaz” İstehsalat Birliyi, həmçinin 2016-2021-ci illərdə ən yüksək göstərici əldə etmiş Dövlət Miqrasiya Xidməti mükafata layiq görülüb.
Tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.
 
Tədbir sual-cavab hissəsi ilə davam etdirilib.

A- A A+

Digər press-relizlər