“ASAN xidmət”in şəhid ailəsi üzvü və qazi əməkdaşları Şuşaya səfər ediblər
“Şuşa İli” çərçivəsində və 28 May – Müstəqillik Günü ərəfəsində Şuşa şəhərinə təşkil olunan səfərdə Dövlət Agentliyinin və tabeliyində olan qurumlarda, həmçinin "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində çalışan şəhid ailə üzvləri, müharibə veteranları və əlilləri olmaqla ümumilikdə 116 nəfər iştirak edib.
İştirakçılar Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Zaur Hüseynov, “Qarabağ” ordenli, ehtiyatda olan polkovnik-leytenant Şəmşir Həziyev, “Vətən uğrunda” medalı ilə tətif olunan, ehtiyatda olan baş gizir Bəhram Əhmədovla görüşüblər. Onlar Vətən müharibəsindəki döyüş yolu və xatirələrindən bəhs ediblər.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıb. Diqqətə çatdırılıb ki, bu qələbənin əldə edilməsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edilir.
Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər. Belə ki, onlar Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Şəhər meydanına, Şuşa Qala divarına ekskursiya ediblər.