"ASAN xidmət"in rəqəmsal oyun düşərgəsi başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun, “Code Academy” şirkətinin və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, “DIGIAGE” şirkətinin direktoru Emre Yıldız və digər şəxslər iştirak ediblər.
Tədbirdə “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin ən uğurlu komandaları haqqında videoçarx nümayiş olunub. Komandalar investorlar və münsiflər qarşısında düşərgə müddətində hazırladıqları oyunlarını təqdim ediblər.
14 komandadan müvafiq potensiallı hesab olunan 5-nə investisiya ayrılacaq və Bilişim Vadisi Bakı kampusunda ödənişsiz ofis imkanları veriləcək. Ümumilikdə 14 komandadan 11-nə isə Bilişim Vadisi tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstəriləcək.
4 gün davam edən düşərgədə 267 müraciətçidən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada iştirak edib. İştirakçılara oyun hüququ və şirkətləşmə, bu sektorda karyera imkanları barədə məlumat verilib, “Game Art” oyun yaratma təlimləri keçirilib, həmçinin tanınmış şirkət və oyun dizaynerlərinin motivasiya xarakterli hekayələri paylaşılıb.
Həmçinin komandaların ilkin kapital qazanmasına şərait yaratmaq məqsədilə Türkiyədən dəvət olunmuş investorlar layihələrlə tanış olub, onların investisiya imkanlarını dəyərləndiriblər.
Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.