Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in pandemiyadakı fəaliyyəti “Goverment Experience” portalında

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Goverment Experience” internet portalında “Hökumət təcrübəsi fəaliyyətdə: COVID-19 ilə mübarizədə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş çevik tədbirlər” adlı məqalə dərc olunub. 

Məqalədə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər, həm ölkə daxilində, həm də beynəlxalq arenada atılan uğurlu addımlar vurğulanıb. 

Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq mövzu ilə əlaqəli səsləndirdiyi fikirlərə də yer verilmişdir:

“Azərbaycanın verdiyi humanitar dəstək artıq 14 ölkəni əhatə edir. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər”. 

Həmçinin liderlik, texnologiya və qabaqcıl dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin uğurlu təcrübələrinin pandemiyaya nəzarətdə mühüm rol oynadığından bəhs edilib. 

Məqalədə pandemiya müddətində dövlət xidmətlərinin göstərilməsi sahəsindəki vəziyyət və bu sahədə “ASAN xidmət”in fəaliyyətinə xüsusi yer ayrılıb. Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin COVID-19 ilə mübarizə kimi fövqəladə hallarda dövlət xidmətlərinə maneəsiz çıxışın təmin edilməsinin son dərəcə vacib olduğu fikri əks olunub.

Dövlət idarəçiliyi sahəsində aparılan islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradıldığı və vahid mərkəzdən dövlət və özəl xidmətlərin göstərilməsi üzrə Azərbaycan modeli olduğu vurğulanıb. COVID-19 ilə mübarizə müddətində “ASAN xidmət”in öz ağıllı həlləri və sosial innovasiyaları ilə mübarizənin ön cəbhəsində olması faktından da bəhs edilib. 

Məqalədə “ASAN xidmət” tərəfindən yaradılmış “Xüsusi Karantin Rejiminin Tətbiqi zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin pandemiya müddətində mühüm əhəmiyyət kəsb etdiyi və bu sistemin bir sıra ölkələrdə maraq doğurması, tətbiqi ifadə olunub. 
 “ASAN xidmət”in pandemiya müddətindəki fəaliyyətindən də bəhs edilən məqalədə zəruri xidmətlər üçün karantin müddəti boyunca bütün mərkəzlərin açıq olması diqqətə çatdırılıb. Vətəndaşların veb sayt, mobil tətbiq və ya Çağrı Mərkəzi vasitəsilə öncədən növbə götürərək xidmət mərkəzlərinə gəlməsi və bunun sayəsində xidmət göstərilən vətəndaş sayına, sosial məsafəyə və gigiyena qaydalarına nəzarətin təmin edildiyi bildirilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə may ayının ortalarında “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda həyata keçirilmiş ASAN Qlobal Veb Forum haqqında söz açılıb və burada Dünya İqtisadi Forumu və BMT-nin İnkişaf Proqramı kimi nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı xüsusən vurğulanıb.

Məqaləyə keçid: https://gx.ae/en/resources/government-experience-in-action-azerbaijan-s-agile-response-to-covid-19

A- A A+

Digər press-relizlər