Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"in nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin İKT və elektron hökumət üzrə məsul dövlət qurumlarının rəhbərlərinin növbəti toplantısında iştirak etmək məqsədilə Özbəkistanın Səmərqənd şəhərində səfərdədir.

Səfər Özbəkistan Respublikasının İnformasiya Texnologiyaları və Kommunikasiyaların İnkişafı naziri Şerzod Şermatovun dəvəti əsasında həyata keçirilib.

 
Tədbirin açılışı zamanı Özbəkistan Respublikasının İnformasiya Texnologiyaları və Kommunikasiyaların İnkişafı naziri Şerzod Şermatov və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev salamlama nitqi ilə çıxış ediblər.


Sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev elektron hökumət, dövlət xidmətlərinin göstərilməsi, o cümlədən “ASAN xidmət”, elektron imza, eləcə də ölkəmizin işğaldan azad edilmiş ərazilərində ağıllı şəhər konsepti üzrə görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.  Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində tərəfdaşlığa, eyni zamanda rəqəmsal hökumət sahəsində əməkdaşlığa mühüm əhəmiyyət verildiyi vurğulanıb.


Ötən il Dövlət Agentliyinin təşkilatçılığı ilə TDT-yə üzv dövlətlərin ölkəmizə səfərini məmnunluqla qeyd edən Dövlət Agentliyinin sədri bu kimi sahə səfərlərinin müvafiq istiqamətlər üzrə təcrübə mübadiləsinin genişlənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.


Həmçinin çıxış zamanı Dövlət Agentliyinin təşəbbüsü ilə TDT-nin müvafiq platforması çərçivəsində hazırlanması planlaşdırılan “TDT-yə Üzv Dövlətlərin Rəqəmsal İnnovasiya Kataloqu” barədə tədbir iştirakçıları məlumatlandırılıb.


Eyni zamanda Ülvi Mehdiyev Dövlət Agentliyinin təşkilatçılığı ilə cari ilin dekabr ayında Bakı şəhərində “Müasir idarəetməyə gedən yol: "tək pəncərə" prinsipindən fasiləsiz xidmətə doğru” adlı beynəlxalq tədbirin keçiriləcəyi və bu çərçivədə “Dövlət İdarəçiliyi və Elektron Hökumət Sektorları üzrə TDT-nin 1-ci Yüksək Səviyyəli Forumu”nun  planlaşdırıldığını qeyd edib.


Bundan əlavə toplantı çərçivəsində Dövlət Agentliyinin sədri TDT-yə üzv dövlətlərin elektron hökumət sistemlərinin qarşılıqlı inteqrasiyası təşəbbüsü ilə çıxış edib.


Toplantı zamanı Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdat Mussin, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan, Qırğız Respublikasının Rəqəmsal İnkişaf nazirinin müavini Zamirbek Xozmuratov və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin nümayəndələri çıxış ediblər.

A- A A+

Digər press-relizlər