“ASAN xidmət”in nümayəndə heyəti Moldovada
19-20 oktyabr 2022-ci il tarixində Moldova Respublikasının Kişinyov şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Moldova Respublikasının Elektron Hökumət Agentliyinin birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığında elektron idarəetmə və rəqəmsallaşma” və “Şərq Tərəfdaşlığında dövlət xidmətlərinin təkmilləşdirilməsi” mövzuları üzrə görüşlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti müvafiq sahə üzrə görüşlərin keçirilməsi, danışıqların aparılması və Dövlət Agentliyinin sözügedən sahədə qabaqcıl təcrübəsini paylaşmaq məqsədilə tədbirdə iştirak edib.
Görüşdə Azərbaycan, Ukrayna, Gürcüstan, Moldovanın müvafiq qurumlarının 30-dan çox nümayəndəsi iştirak edib. Bundan başqa görüşdə iştirakçılar dövlət idarəçiliyində islahatlar sahəsində Şərq Tərəfdaşlığı ölkələrində elektron idarəçiliyin və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının, qabaqcıl təcrübələrin paylaşılmasının və davamlı olaraq görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Görüşlər zamanı iştirakçılara Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və naliyyətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək 57 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Görüş çərçivəsində müxtəlif ölkələrdən “ASAN xidmət”in təcrübəsini öyrənmək məqsədilə səfərlərin təşkil olunması və gələcək əməkdaşlıq üçün xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə olunub.