“ASAN xidmət”in nümayəndə heyəti IV Beynəlxalq Hüquq Forumunda
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistan Respublikasında keçirilən “Daşkənd Hüquq Baharı” IV Beynəlxalq Hüquq Forumunda iştirak edib.
800-dən artıq iştirakçının qatıldığı forum çərçivəsində 20-dən çox sessiya təşkil olunub.
Ceyhun Salmanov dövlət xidmətlərinə həsr olunan panel sessiyada “ASAN xidmət” modeli və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.
İnnovativ idarəetmə, vətəndaş məmnunluğu, şəffaflıq və əlçatanlıq prinsiplərinə əsaslanan “ASAN xidmət” təcrübəsi beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyi arasında ikitərəfli görüş keçirilib. Görüşdə 2019-cu ildə imzalanmış “Özbəkistan Respublikasında Dövlət Xidmətləri Mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu”nun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 23 avqust tarixində Daşkənd şəhərinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.
Dövlət xidmətləri sahəsində data idarəetməsi və süni intellekt texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin Özbəkistan Ədliyyə Nazirliyinin nümayəndələri üçün “ASAN xidmət” mərkəzlərində müvafiq sahə üzrə təlimlərin təşkili ilə bağlı razılıq əldə olunub.
Forum çərçivəsində həmçinin “Alibaba” şirkəti və “Oxford Insights” təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, innovasiya və rəqəmsal texnologiyalar sahəsində mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.