“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumət Sammitində
13-15 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində keçirilən 10-cu Dünya Hökumət Sammitində iştirak edir.
Builki tədbirin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların və texnologiyaların təşviqi, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivələrin və siyasətlərin müəyyən edilməsi, habelə dayanıqlı şəhərlərin yaradılması kimi mühüm mövzularla bağlı ən son tendensiyaları müzakirə etməkdir.
“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitdə 10 000-ə yaxın qonaq iştirak edir. Onların arasında dünyanın 100-dən çox ölkəsindən olan dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər var.
Sammitin ilk günü Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT Baş katibnin müavini Li Junhua ilə görüşüb. Görüş zamanı “ASAN xidmət” modelinin, eləcə də “ASAN xidmət indeksi”nin BMT və ona üzv ölkələrdə təşviqi ilə əlaqədar müzakirələr aparılıb. BMT Baş katibinin müavini Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsini məmnuniyyətlə vurğulayaraq ötən dövr ərzində müvafiq sahələr üzrə Dövlət Agentliyi tərəfindən mühüm əməli fəaliyyətin həyata keçirildiyini bildirib.
Həmçinin Ruandanın Baş naziri Eduard Nqirente ilə görüş keçirilib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizlə Ruanda arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Ruandanın Baş naziri ötən ilin dekabr ayında Bakıda keçirilmiş Forum çərçivəsində Kiqali şəhərinə “UCLG Afrika – ASAN Mükafatı”nın təqdim olunması əlaqədar təşəkkürünü bildirib.
Bundan əlavə Dövlət İdarəçiliyi üzrə Afrika Assosiasiyasının Prezidenti Con Nakabaqo ilə görüş baş tutub. Tərəflər arasında 2022-ci ilin dekabr ayında imzalanmış Anlaşma Memorandumunun icra prosesi, habelə “ASAN xidmət” təcrübəsinin Afrika qitəsi ölkələrində tətbiqinin genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb.
Ülvi Mehdiyev Sammit çərçivəsində təşkil olunmuş sessiyada çıxışçı qismində Azərbaycanın “ASAN xidmət” modeli nümunəsində vahid məkandan xidmət göstərən mərkəzlərin önəmi barədə məlumat verib. Sessiyada, həmçinin innovasiyalar və süni intellekt üzrə məşhur mütəxəssis Tomas Anqlero və qlobal texnologiyalar üzrə futurist Sofi Hekford çıxış ediblər.
Nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.