“ASAN xidmət” gənclərin ideyalarını reallaşdırır
7 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları arasında təşkil olunan "İdeya Bankı" platformasında elan edilmiş "Rəqəmsal Hökumət Həlləri" ideya müsabiqəsi çərçivəsində göndərilən ideyaların təqdimatı həyata keçirilib. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin iştirakı ilə müsabiqədə fərqlənən ideyalar ətrafında müzakirə aparılıb, ideyaların gələcək perspektivləri əsasında atılacaq addımlar müəyyən edilib.
"İdeya Bankı" dövlət xidmətlərinin və "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Dövlət Agentliyi tərəfindən yaradılmış platformadır və bu günə qədər bu platforma vasitəsilə əməkdaşların 4 mindən çox ideyası qəbul edilib və reallaşdırılması istiqamətində işlər görülüb.
Tədbirdə "Teknofest Azərbaycan" festivalı çərçivəsində baş tutan hakatonlarda iştirak edən əməkdaşlar təbrik edilib, innovasiyaların inkişafında bu cür təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, “ASAN xidmət”in Elektron Hökumətin İnkişafı Mərkəzinin "Safe Karabakh" komandası “Teknofest Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonunun qalibi olub.