“ASAN xidmət” əməkdaşları arasında hakaton keçirilib
17 mart tarixində Şamaxı rayonunda “DIGITAL IDEA CAMP – Govtech həlləri” adlı hakaton təşkil olunub. Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 4 illiyinə həsr olunub.
Hakaton Dövlət Agentliyi və tabeli struktur bölmələrin əməkdaşlarının innovasiya yönümlü potensiallarının aşkarlanması, əməkdaşlar arasında komanda ruhu və quruculuğu, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilib.
Hakaton çərçivəsində Dövlət Agentliyinin 120-dən çox əməkdaşı təsadüfi seçim prinsipi ilə 28 komandaya bölüşdürülüb. Müsabiqələrdə innovasiyalar, rəqəmsal transformasiya və ağıllı həllərin yaradılması sahəsində ixtisaslaşmış rəhbər şəxslər tərəfindən komandalara müxtəlif mentor dəstəyi göstərilib.
1 gün ərzində davam edən hakatonda 3 istiqamətdə müsabiqə təşkil olunub:
• Komanda quruculuğu;
• Rəqəmsal hökumət həlləri;
• Vahid elektron hökumət portalı üzrə təkliflər.
Komandalar hakatonun jüri heyəti qarşısında öz həllərinin təqdimatını keçiriblər.
Müsabiqədə qalib gələn komandalara xüsusi pul mükafatı və dəyərli hədiyyələr təqdim olunub.