"ASAN xidmət"ə beynəlxalq arenada maraq artır
Dövlət Agentliyinin nümayəndəsi İslam İnkişaf Bankının (İİB) dəvəti əsasında qurumun illik toplantısında, eləcə də 50 illik Qızıl Yubileyində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə səfər edib.
Dövlət Agentliyinin nümayəndəsi İİB-nin Afrika və Asiya qitələri üzrə regional direktorları ilə görüşüb. Bu çərçivədə "ASAN xidmət"in fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib və bu təcrübənin həmin qitələrdə yerləşən təşkilata üzv dövlətlərdə tətbiqinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Səfər çərçivəsində Qambiya Respublikasının Baş nazirinin Kabinetinin, eləcə də digər müvafiq nazirliklərin nümayəndələri ilə görüşlər keçirilib.Qarşı tərəflərə “ASAN xidmət”in fəaliyyət istiqamətləri, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən digər layihələr barədə geniş təqdimat edilib.
BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasının direktoru ilə keçirilən görüş zamanı ötən dövr ərzində “ASAN xidmət”lə qarşılıqlı fəaliyyət çərçivəsində həyata keçirilmiş uğurlu əməkdaşlığa toxunulub.Eləcə də “ASAN xidmət” modelinin iki dəfə platforma tərəfindən qabaqcıl təcrübə adlandırıldığı vurğulanıb. Müzakirələrin nəticəsi olaraq Cənub-Cənub əməkdaşlığı platforması tərəfindən irəli sürüləcək müvafiq sahə üzrə yeni təşəbbüslərdə “ASAN xidmət”in təmsil olunmasına dair razılığa gəlinib.