“ASAN xidmət”ə 60 milyonuncu müraciət Zəngilanda qeydə alınıb
“ASAN xidmət”ə 60 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.
Bu müraciət Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzindəki “ASAN xidmət” köşkünə Nihat Orucov tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəhbərliyi Ağalı tam orta məktəbinin 9-cu sinif şagirdi Nihat Orucovu təbrik edib. “ASAN xidmət”ə 60 milyonuncu vətəndaş müraciətinin sahibi kimi ona hədiyyə və təşəkkürnamə təqdim olunub.
Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 4 avqust 2022-ci il tarixində faəliyyətə başlayıb. Burada “ASAN xidmət” köşkü vasitəsilə isə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.