“ASAN xidmət”ə 60 gün ərzində 32754 vətəndaş müraciət etmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə 2013-cü il 15 yanvar-17 mart tarixləri arasında (60 gün) 32754 vətəndaş müraciət etmiş və xidmətlərdən yararlanmışdır.
Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil etmişdir.
Qeyd edək ki, pilot layihə çərçivəsində mərkəz Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir.
Məlumat üçün onu da bildiririk ki, vətəndaşlar 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən Agentliyin rəsmi internet səhifəsi (asan.gov.az) və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər, dövlət rüsumları barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. 2013-cü il 1 fevral tarixindən fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli “Çağrı” mərkəzinə stasionar (ev, iş) telefonlardan birbaşa zəng etmək mümkündür. “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən mərkəz həftənin I-VI günləri saat 10:00-dan 20:00-dək, bazar günü isə saat 11.00-dan 17:00-dək vətəndaşlara xidmət göstərir.